Azərbaycan bu il Avropaya qaz ixracını 11 %-dən, Türkiyəyə - 17 %-dən çox artırıb
- 12 may, 2023
- 10:06
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 8,4 milyard kubmetr həcmində təbii qaz ixrac edilib.
"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 4 ayı üzrə operativ məlumatlarında deyilir.
Qaz ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 % artıb.
Hesabat dövründə Avropaya 3,9 milyard kubmetr (il ərzində 11,4 % artıb), Türkiyəyə 3,4 milyard kubmetr (17,2 % artıb), Gürcüstana isə 1,1 milyard kubmetr (8,3 % azalıb) qaz tədarük edilib.
Yanvar-aprel aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 1,9 miyard kubmetr qazla təchiz edib. Bu,2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 % azdır.
Xatırladaq ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.
Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.