Azərbaycan Braziliyaya sürtkü yağları ixrac etməyə başlayıb
- 29 dekabr, 2024
- 09:24
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 47,9 milyon ABŞ dolları dəyərində 39 min 992 ton sürtkü yağları ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 9,82 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 9 min 50 ton (+22 %), Bolqarıstana 7,43 milyon ABŞ dolları dəyərində (+61,3 %) 7 min 81 ton (+40 %), İraqa 5,73 milyon ABŞ dolları dəyərində (+51 %) 3 min 990 ton (+45 %), Gürcüstana 3,51 milyon ABŞ dolları dəyərində (-48 %) 3 min 107 ton (-44 %), Türkiyəyə 2,85 milyon ABŞ dolları dəyərində (-64 %) 2 min 516 ton (-65 %) məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliyaya (161,62 min ABŞ dolları dəyərində 139,84 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 42 ölkəyə ixrac edilmiş 46 min ton sürtkü yağlarının 21,3 %-i Ukraynanın, 19 %-i Türkiyənin, 16,5 %-i Gürcüstanın payına düşüb.