Azərbaycan Bolqarıstana satdığı qazdan qazancını 5 dəfə artırıb
- 13 sentyabr, 2023
- 07:58
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Bolqarıstana 518 milyon 548 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İxrac edilən təbii qazın dəyəri 206 milyon 345,36 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin 7 ayı ilə müqayisədə 365 milyon 845 min kubmetr (3,4 dəfə), dəyər baxımından isə 164 milyon 974,97 ABŞ dolları (5 dəfə) çoxdur.
Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 934 milyon 144,16 min ABŞ dolları dəyərində 13 milyard 413 milyon 760,12 min kubmetr təbii qaz ixrac edib. İxrac edilən təbii qazın həcmi 2022-ci ilin 7 ayının göstəricisi ilə müqayisədə 5,6 %, dəyəri isə 8,7 % çoxdur.
Təbii qazın Azərbaycanın ümumi ixracında payı 43 % təşkil edir.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Tcarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqli Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.