Azərbaycan benzin və dizel istehsalını azaldıb

Energetika
  • 12 avqust, 2022
  • 11:09
Azərbaycan benzin və dizel istehsalını azaldıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milayrd 167,3 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2021-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 11,6 % azdır.

Hesabat dövründə 646,2 min ton həcmində avtomobil benzini, 1 milyon 76,7 min ton dizel yanacağı, 21,7 min ton sürtkü yağları, 228,2 min ton neft bitumu istehsal edilib.

Belə ki, 7 ay ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 6,4 %, sürtkü yağlarının istehsalı 37,8 %, dizel yanacağının istehsalı 26,2 % azalıb, neft bitumunun istehsalı isə 60,1 % artıb.

Həmçinin, bu ilin yanvar-iyul ayları ərzində ölkədə 169,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 309,2 min ton ağ neft, 66,4 min ton yanacaq mazutu, 97,2 min ton neft koksu istehsal edilib.

Son bir ildə Azərbaycanda neft-kimya sənayesində istifadə üçün benzin istehsalı son bir ildə 31,6 %, neft koksunun istehsalı 36,8 % azalıb, yanacaq mazutunun istehsalı 2,6 dəfə, ağ neftin istehsalı 6,1 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.