Azərbaycan benzin istehsalını 41 % artırıb
- 16 fevral, 2022
- 12:32
Bu ilin yanvar ayında Azərbaycanda 303,1 milyon manatlıq neft məhsulları istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 % çoxdur.
Hesabat dövründə 121,4 min ton həcmində avtomobil benzini, 187,8 min ton dizel yanacağı, 3,5 min ton sürtkü yağları, 15,9 min ton neft bitumu istehsal olunub.
Son 1 ildə avtomobil benzinin istehsalı 40,8 %, sürtkü yağlarının istehsalı 20,7 %, neft bitumunun istehsalı isə 2,8 dəfə artıb, dizel yanacağının istehsalı isə 0,8 % azalıb.
Həmçinin, yanvarda ölkədə 33,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 50,1 min ton ağ neft, 33 min ton yanacaq mazutu, 17 min ton neft koksu istehsal edilib.
Son 1 ildə Azərbaycanda neft-kimya sənayesində istifadə üçün benzin istehsalı son bir ildə 13,6 %, neft koksunun istehsalı 18,3 % azalıb, yanacaq mazutunun istehsalı 18,3 dəfə, ağ neftin istehsalı 67,6 % artıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.