Azərbaycanda benzin istehsalı 33% artıb

Energetika
  • 15 aprel, 2022
  • 11:41
Azərbaycanda benzin istehsalı 33% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 912,8 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.

Hesabat dövründə 329,1 min ton həcmində avtomobil benzini, 528,8 min ton dizel yanacağı, 11,4 min ton sürtkü yağları, 71,9 min ton neft bitumu istehsal edilib.

Son 1 ildə avtomobil benzinin istehsalı 33 %, neft bitumunun istehsalı isə 60,1 % artıb, sürtkü yağlarının istehsalı 8,8 %, dizel yanacağının istehsalı 3,9 % azalıb.

Həmçinin, 3 ay ərzində ölkədə 94,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 139,7 min ton ağ neft, 34,4 min ton yanacaq mazutu, 54,4 min ton neft koksu istehsal edilib.

Son 1 ildə neft-kimya sənayesində istifadə üçün benzin istehsalı son bir ildə 12,3 %, neft koksunun istehsalı 16,2 % azalıb, yanacaq mazutunun istehsalı 3,9 dəfə, ağ neftin istehsalı 35 % artıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.

44 - Tezliklə