Azərbaycan Avropaya qaz satışını 62 %-dən çox artırıb

Energetika
  • 08 avqust, 2022
  • 11:58
Azərbaycan Avropaya qaz satışını 62 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 12,9 milyard kubmetr qaz satılıb.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyul ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, ötən ilin 7 ayı ilə müqayisədə 24 % çoxdur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə təqribən 4,8 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7 % azdır.

Bu ilin yanvar-iyul ayıarı ərzində Azərbaycandan Avropaya 6,5 milyard kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin 7 ayılıq dövrü ilə müqayisədə 62,5 % çoxdur.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

TAP artıq maksimum ötürmə gücünə çatıb. Söhbət sutkada 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsindən gedir ki, bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. Bu həcmlərin 10,5 milyard kubmetri İtaliyaya nəql ediləcək. Uzunmüddətli məqsəd boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.