Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova, qurumun hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Belçikanın paytaxtı Brüsseldə Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) təşkilatçılığı, “EU4Energy” proqramının dəstəyi ilə “Şərq tərəfdaşlığı ölkələrində təmiz enerji keçidinin təşviqi” proqramı üzrə keçirilən “Birgə İdarəetmə Komitəsinin İclası”nda iştirak edib.
Bu barədə “Report”a Agentlikdən bildirilib.
Məlumata görə, A.Zeynalova iclasda ölkəmizdə bərpa olunan enerji üzrə həyata keçirilən layihələr, “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində görülmüş işlər və əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib, ölkəmizin "yaşıl enerji" ixracı potensialı haqqında danışıb.
O, həmçinin “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiqinin Azərbaycanda yaşıl enerji mənbələrinin təşviqi baxımından önəmini vurğulayıb, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi və informasiya sisteminin yaradılması barədə məlumat verib.