Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ABŞ-nin Men ştatının senatının üzvü Cil Dyuson, Nümayəndələr Palatasının üzvləri və digər nümayəndələrlə görüşüb.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, direktor Cavid Abdullayev Azərbaycanda bərpa olunan enerji və qlobal iqlim hədəfləri istiqamətlərində görülən tədbirlərdən danışıb, bildirib ki, xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində yaradılacaq yaşıl enerji gücləri qlobal enerji keçidi və iqlim hədəflərinə töhfə verəcək.
Onun sözlərinə görə, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə keçirilən hərraca maraq olduqca böyükdür. Həmçinin, ABŞ şirkətləri də bu hərracda iştiraka dəvət edilib.
Görüşdə bərpa olunan enerji mənbələrindən istifadənin inkişafına dair məlumat mübadiləsi aparılıb.