Azərbaycan 3 ölkədən “Aİ-92” benzini tədarükünü bərpa edib

Energetika
  • 15 avqust, 2022
  • 11:20
Azərbaycan 3 ölkədən “Aİ-92” benzini tədarükünü bərpa edib

Bu ilin I yarısında Azərbaycana xaricdən 173,4 milyon ABŞ dolları dəyərində 150,8 min ton "Aİ-92" markalı avtomobil benzini gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 73 dəfə, kəmiyyət olaraq – 30,2 dəfə çoxdur.

Hesabat dövründə Rusiyadan 125,6 milyon ABŞ dolları dəyərində 109,2 min ton, Türkmənistandan 41,7 milyon ABŞ dolları dəyərində 36,6 min ton, Qazaxıstandan 4 milyon ABŞ dolları dəyərində 3,5 min ton, Rumıniyadan 2 milyon ABŞ dolları dəyərində 1,5 min ton benzin alınıb.

Azərbaycana 4 il 11 aylıq aradan sonra Rumıniyadan, 1 il 9 aylıq fasilənin ardından Rusiya və Türkmənistandan tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan "Aİ-92" benzini alınıb.

“Aİ-92” markalı benzin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. Lakin ildə bir dəfə olmaqla zavodun bir çox qurğularının fəaliyyəti təmir və əsaslanma işləri üçün müvəqqəti dayandırılır. Zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, ölkənin benzinə olan tələbatına yetməyə bilər. Buna görə də, həmin marka benzin xaricdən alınır. Bu zaman "Aİ-92" gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılır. Belə ki, bu ilin fevralın 1-dən iyunun 1-nə kimi Azərbaycana idxal edilən "Aİ-92" oktan ədədi ilə avtomobil benzinin hər 1000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə, aksiz vergi dərəcəsi isə bir ton üçün 200 manatdan 1 manata endirilib.

44 - Tezliklə