Azərbaycan 11 ayda “Premium Euro-95” markalı benzin idxalını 6 %-ə yaxın artırıb

Energetika
  • 21 yanvar, 2025
  • 13:46
Azərbaycan 11 ayda “Premium Euro-95” markalı benzin idxalını 6 %-ə yaxın artırıb

Azərbaycan ötən ilin yanvar-noyabr aylarında 76 min 697,41 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Hesabat dövründə idxal edilən “Premium Euro-95” markalı benzinin dəyəri 71 milyon 908,69 min ABŞ dolları (artım 3,4 %) təşkil edib.

İdxalın strukturunda 26 milyon 667,44 min ABŞ dolları dəyərində (artım 30,7 %) 28 min 297,05 ton benzin (artım 31,2 %) və ya bütün tədarükün 36,9 %-i Belarusun payına düşüb.

Tədarükçülərin ilk üçlüyündə həmçinin Rumıniya (19 milyon 869,76 min ABŞ dolları dəyərində 22 min 511,51 ton) və Rusiya (14 milyon 383,87 min ABŞ dolları dəyərində 15 min 544,95 ton) yer alıb.

Tədarükün qalan həcmi - 7 milyon 122,06 min ABŞ dolları dəyərində 6 min 585,27 ton benzin Yunanıstanın, 3 milyon 168,11 min ABŞ dolları dəyərində 2 min 975,86 ton benzin Bolqarıstanın, 697,45 min ABŞ dolları dəyərində 782,77 ton benzin isə BƏƏ-nin payına düşüb.

Statistik məlumatlara görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 150,54 min ABŞ dolları dəyərində (azalma 4,5 %) 1 min 754,11 ton "Super Euro-98" markalı benzin (azalma 6,2 %) idxal edilib. İdxalın strukturunda 337,27 min ABŞ dolları dəyərində 275,1 ton benzin Belarusun, 695,12 min ABŞ dolları dəyərində 566,98 ton benzin Bolqarıstanın, 1 milyon 118,15 min ABŞ dolları dəyərində 912,03 ton benzin isə Rumıniyanın payına düşüb.

Xatırladaq ki, Azərbaycana "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzini 2014-cü il aprelin 1-dən idxal edilir.

Son xəbərlər

Bütün Xəbər Lenti