Bakı. 9 yanvar. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin bütün aviareyslərində siqaret, qəlyan, siqar və elektron siqaret qurğularından istifadə qadağan edilib. "Report"un AZAL-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir.
Belə ki, bu tipli qurğuların sərnişinin əl çantasında daşınması tələb olunur.
Həmçinin bütün hallarda litium-metal batareyaların (UN 3090) "Azərbaycan Hava Yolları"nın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağan edilib. Litium-metal batareyalar (bir dəfə istifadə olunan (enerji toplamayan) batareyalar) xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.