Azad edilmiş ərazilərdə enerji siyasəti - TƏHLİL

Azad edilmiş ərazilərdə enerji siyasəti - TƏHLİL “Hörmətli vətəndaş, sizin əmlakınız yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Bu səbəbdən də elektrik enerjisi təchizatı ilə bağlı müraciətinizə imtina verilir”.
Energetika
17 İyun , 2021 20:18
Azad edilmiş ərazilərdə enerji siyasəti - TƏHLİL

“Hörmətli vətəndaş, sizin əmlakınız yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Bu səbəbdən də elektrik enerjisi təchizatı ilə bağlı müraciətinizə imtina verilir”.

Son illər elektrik enerjisi təchizatı ilə bağlı müraciət edən bir çox insanların aldığı cavablar ya belə, ya da buna oxşar olur. Amma aparılan işlər nəticəsində azad edilmiş ərazilərdə məskunlaşacaq vətəndaşlarımız bu problemdən uzaq olacaqlar. Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda ilk dəfə olaraq məhz işğaldan azad edilmiş ərazilərdə izolyasiyalı və mühafizə olunan yüksəkgərginlikli elektrik kabellərinin çəkilişini həyata keçirir. Son texnoloji nailiyyətlər əsasında hazırlanan bu kabellərin mühafizə zonası demək olar ki, yoxdur. Amma ənənəvi 35 kV-luq çılpaq naqillərlə çəkilmiş elektrik verilişi xətlərinin mühafizə zonası 30 metrdən artıq olur.

İlk dəfə olaraq azad edilmiş ərazilərdə bu kabellərdən istifadə etməklə Azərbaycan MDB məkanında da bir ilk imza atmış oldu.

Sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan və 44 gündən sonra müzəffər Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatan Vətən müharibəsi regionun və dünyanın siyasi və iqtisadi xəritəsində əhəmiyyətli dəyişiklik etdi.

Qələbədən dərhal sonra azad edilmiş torpaqlarımızda başlanan yenidənqurma və bərpa işlərinə bütün dövlət və özəl sektorun qoşulmasını əsl birliyin göstəricisi idi. Məhz bu birliyin bariz nümunəsi olaraq ölkədə aparılan enerji siyasətinin tərkib hissəsi kimi həmin ərazilərdə elektrik enerjisi infrastrukturunun yenilənməsi və bərpası işlərini də göstərmək olar.

Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı artıq bir sıra yarımstansiyaların açılışı həyata keçirilib. Belə ki, vətən müharibəsi başa çatandan cəmi bir neçə ay sonra Qarabağın elektriki enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücə malik “Güləbird” Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq Şuşa, FüzuluŞükürbəyli yarımstansiyalarının açılışının edilməsi proseslərin hansı sürətlə aparıldığını göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev apreldə Dövlət Televiziyasına verdiyi müsahibəsində bildirmişdi ki, 2021-ci ilin sonuna qədər azad edilmiş ərazilərdə bütün elektrik enerjisi infrastrukturunun qurulması yekunlaşacaq.

Prezident qeyd edib ki, bununla paralel olaraq, əsas infrastruktur layihələrinə də start verilib:

“Azad edilmiş ərazinin elektrik təchizatı hesab edirəm ki, bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3 500 metrə çatır və hələ ki, hava şəraiti o qədər də münasib deyil, qar əriməyib”.

10 Noyabr Bəyannaməsinin imzalanmasından cəmi 1 ay sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın Azərbaycan işığı ilə təchiz edilməsini bacaran “Azərişıq” bu məsuliyyətli işin də öhdəsindən gəlmək üçün maksimum səylə fəaliyyət göstərir.

Araz Məmmədzadə
Araz Məmmədzadə

Bu yaxınlarda jurnalistlər üçün Suqovuşana təşkil edilmiş mediatur zamanı Qarabağda görülən işlərlə bağlı məlumat verən "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qeyd edib ki, hazırda azad edilmiş ərazilərdə işlər sürətlə aparılır. Onun sözlərinə görə, izolyasiyalı və mühafizə olunan yüksəkgərginlikli elektrik xətlərindən istifadə bizə Qarabağda 6 000 hektardan çox əraziyə qənaətə imkan yaradacaq.

“Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları

Cəbrayıl rayonu ərazisində - Araz çayı üzərində yerləşən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı işlər yekunlaşmaq üzrədir.

İranla əldə edilmiş razılaşmaya əsasən, ümumi gücü 280 meqavat olan hər iki stansiyadan 716 milyon kVt/s elektrik enerjisi istehsal ediləcək ki, onun da 356 milyon kVt/s-ı Azərbaycanın payına düşəcək.

Ələsgər Həsənov
Ələsgər Həsənov

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov “Report”a açıqlamasında bildirib ki, adıçəkilən hidroqovşaqlar və su elektrik stansiyaları Qarabağ üçün həm enerji, həm də suvarma baxımından əhəmiyyətli olacaq: “Hazırda işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı üçün “Yaşıl enerji” konsepsiyası işlənir. Bildiyiniz kimi dövlət başçısının tapşırığı əsasında, bu ərazilərin bərpaolunan enerji mənbələri hesabına təminatının həyata keçirilməsi üçün tədbirlər həyata keçiriləcək. Külək və günəş enerji potensialının qiymətləndirilməsi ilə bağlı tədbirlər hazırda icra olunur və gələcəkdə yəqin ki, bu sahədə həm iri həcmli, həm də kiçik həcmli layihələrin icra edilməsinə başlanacaq. Həm Araz çayının su ehtiyatlarından, həm də işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından istifadə edilməsi də bu ərazilərin enerji təminatında çox ciddi rol oynayacaq. Azad edilmiş ərazilərdə təqribən 45 kiçik su elektrik stansiyası fəaliyyət göstərib, düşmən ərazini tərk edərkən bu su elektrik stansiyalarının bir çoxunu dağıdıb və talan edib. Hazırda “Azərenejri” ASC işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinin formalaşdırılması işləri görür və bu stansiyalar istifadəyə verildikdən sonra o şəbəkələr vasitəsi ilə ərazinin elektrik enerjisi təminatında istifadə olunacaq”.

Mircəlal Hüseynov
Mircəlal Hüseynov

“Azərenerji”nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov isə deyir ki, “Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının ümumi şəbəkəyə qoşulması üçün Cəbrayılda 330 kilovoltluq yeni yarımstansiya tikiləcək: “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsi bizim enerjisistem üçün çox böyük əhəmiyyət kəsb edəcək. “Xudafərin” su elektrik stansiyasının gücü 200 MVt-dır, “Qız qalası” su elektrik stansiyasının gücü isə 80 MVt-dır. “Xudafərin” SES-in 100 MVt-ı, “Qız qalası” SES-in isə 40 MVt-ı Azərbaycanın payına düşür.

Bilirsiniz ki, “Azəreneji” xüsusi proqram tərtib edib və icrasına başlamışıq. Bu ilin sonuna qədər icra bitəcək. Bizim perspektiv inkişaf planına əsasən, Cəbrayılda 330 KV-luq yarımstansiyanın tikintisi həyata keçiriləcək və “Xudafərin”, “Qız qalası” su elektrik stansiyalarını biz birbaşa bu yarımstansiya ilə əlaqələndirəcəyik”.

Energetika Nazirliyinin Qarabağda apardığı araşdırmalara görə, bəzi rayonlarda günəş, bəzi rayonlarda isə külək enerjisi potensialı daha çoxdur.

“Bizim öz araşdırmalarımız da var. Eyni zamanda Dünya Bankı və digər beynəlxalq qurumların bu sahədə ciddi araşdırmaları var, xəritə və atlaslar tərtib olunur. Hər kəsin də bura əlçatanlığı var. Hazırda Araz çayına yaxın ərazilərdə - Füzuli, Cəbrayıl və Zəngilanda günəş potensialı daha çoxdur, lakin Laçın və Kəlbəcər külək potensialı ilə zəngindir”, - deyə Ə. Həsənov əlavə edib.

M.Hüseynovun sözlərinə görə isə, Qarabağda olan mövcud kiçik su elektrik stansiyaları 250 meqavat elektrik enerjisi istehsal etmək potensialına malikdir: “Nəzərə alsaq ki, “Güləbird” su elektrik stansiyasını ermənilər tamamilə dağıtmışdılar və orada “Azərenerji” müəyyən bərpa işləri gördü, hidroturbinlər, hdroqurğular və digər avadanlıqlar bərpa olundu. Biz bunları və o çaylardakı bolsululuğu nəzərə alsaq, biz hardasa 240-250 MVt-a qədər kiçik su elektrik stansiyalarında elektrik enerjisini istehsal edə biləcəyik”.

Enerji Qarabağda sərmayə cəlbinə əlavə təkandır!

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da bölgənin enerji potensialının yüksək olduğunu və bu enerjidən səmərəli şəkildə istifadənin yeni investisiya cəlbinə şərait yaradacağını qeyd edib:

Vüsal Qasımlı
Vüsal Qasımlı

“Qarabağ bölgəsində 0,5 qiqavat külək, 0,7 qiqavat su və 4 qiqavat günəş enerjisi potensialı regionun yaşıl enerji zonasına çevrilməsinə zəmin yaradır. Xudafərin, Qız Qalası, Suqovuşan stansiyaları, həmçinin Kəlbəcər və Laçındakı kiçik su elektrik stansiyaları Qarabağ bölgəsinin ilkin enerji tələbatını ödəmək gücündədir. BP-nin Qarabağda yaşıl enerjiyə sərmayə yatırmaq niyyəti nəinki alternativ enerji sahəsinə, bütövlükdə Qarabağ bölgəsinə sərmayə cəlbinə əlavə təkandır”.

İşlər vaxtında yekunlaşacaq

“Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev “Report”a açıqlamasında azad edilmiş ərazilərdə görülən işlərin sürətlə davam etdiyini və vaxtında yekunlaşacağını qeyd edib:

“Biz uzun illər idi ki, torpaqlarımızın həsrətində idik və nəhayət 28 ildən sonra müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz o torpaqları bizə geri qaytardı. Şəhidlərimizin qanı-canı bahasına azadlığına qovuşmuş Qarabağımızın nura qərq edilməsi bizim borcumuzdur və bu borcu yerinə yetirmək üçün var gücümüzlə çalışırıq.

Tanrıverdi Mustafayev
Tanrıverdi Mustafayev

Gördüyünüz kimi artıq cənab Prezident bir sıra enerji infrastrukturlarının açılışını edib. Təbii ki, bütün bunlar ölkə başçısının yürütdüyü uğurlu enerjisi siyasəti çərçivəsində “Azərenerji” və “Azərişıq” ASC-lərin birgə işinin nəticəsidir. Energetiklər olaraq biz də cənab Ali Baş Komandanın əsgəriyik və ən müasir texnologiyalardan istifadə edərək azad edilmiş torpaqlarımızda dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təmin etdirəcəyik”.

Şuşaya elektrik enerjisi 37 günə verilib

Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov parlamentdə son çıxışında Qarabağda görülən işlərə diqqət çəkərək bildirib ki, azad edilmiş ərazilərdə görülən işlər təqdirəlayiqdir:

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin bərpasını və yenidən qurulmasını strateji vəzifə kimi müəyyən edib və bu prosesdə müasir innovativ yeniliklərin tətbiq edilməsini əsas hədəflərdən biri kimi irəli sürüb.

Elman Nəsirov
Elman Nəsirov

Məsələyə bu kontekstdə yanaşdıqda söyləmək istərdim ki, bu günlərin ən tarixi hadisələrindən biri, ən yaddaqalan hadisələrindən biri işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinin elektrik enerjisi ilə tam təchiz olunması məsələsidir.

Həm də bu məsələnin özəlliyi onunla bağlıdır ki, postsovet məkanında ilk dəfədir ki, “Azərişiq” ağıllı şəbəkə konsepsiyası çərçivəsində izolyasiyalı kabel sistemi tətbiq edir. Bu sistemin özəlliyi nə ilə bağlıdır.

Biri var ənənəvi elektrik enerjisi ilə təminat məsələləri, amma indiki halda isə məhz Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə, məhz Suqovuşanda, Talışlı kəndinə münasibətdə biz yeni innovativ yanaşmanı görürük. Bu isə nəticə etibarı ilə ona gətirib çıxaracaq ki, hətta qeyri-sabit hava şəraitində belə əhalinin elektrik enerjisi ilə təminatı ən yüksək səviyyədə həyata keçiriləcək.

Ən başlıcası minlərlə hektar ərazilərin kənd təsərrüfatı məqsədi üçün istifadəsinə şərait yaradacaq. Məsələ ondadır ki, ənənəvi elektrik enerjisi ilə təminat məsələlərində yüksək kilovoltluq xətlərin olduğu ərazilərdə 30 metrlik xüsusi zolaq yaradılır. Amma indiki halda isə buna ehtiyac olmur. Bu proses də minimuma enmiş olur və nəticədə bir daha qeyd edirəm postsovet məkanında ilk dəfə ki, məhz Suqovuşan qəsəbəsində bax beləcə izolyasiyalı kabel sistemi tətbiq olunur. Hesab edirəm bunun da çox böyük mənası və əhəmiyyəti var.

Bilirsiniz hələ müharibənin getdiyi dövrdə “Azərişiq Qarabağda” layihəsi çərçivəsində Cəbrayıl rayonunun elektrik təminatı həyata keçirilmişdir. Bunun ardınca Hadruta elektrik xətti çəkildi və Füzulidən, Şükürbəyli stansiyasindan Hadruta iki dövrəli xəttlər çəkildi.

Bilirsiniz ki, ən mühün istiqamət Hadrutdan Çnaqçıya, oradan da isə daşaltıya qədər xəttin çəkilməsidir. Sonra isə Şuşanın tam elektrik enerjisi ilə təminatı məsələsidir.

Xüsusilə vurğulamaq istəyirəm ki, Vətən müharibəsində, 44 gün ərzində biz tarixi qələbəyə imza atdıq. Azərbaycan mədəniyyəti paytaxtı Şuşanın isə elektrik enerjisi ilə təminatı cəmi 37 gün ərzində baş verdi. Hesab edirəm bu tarixi hadisədir”.

Son xəbərlər

Orphus sistemi