Yuxarı

​Avropanın qaza olan tələbatı 2030-cu ildə 610 mlrd. kubmetrə çatacaq

SOCAR prezidenti Rövnəq Abdullayev: Bu, Cənub Qaz Dəhlizinin önəmini artırır

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İstanbulda (Türkiyə) ABŞ Atlantik Şurasının keçirdiyi "Enerji və iqtisadiyyat" mövzusunda VI sammitində iştirak edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, "XXI əsrdə enerji təminatı və tələbatının kritik mənbələri" adlı sessiyada çıxış edən R.Abdullayev bildirib ki, iqtisadiyyatı yüksək sürətlə inkişaf edən Azərbaycan bölgənin siyasi və iqtisadi cəhətdən lider dövlətlərindən birinə çevrilib və Azərbaycanın enerji sektoru "Əsrin Müqaviləsi"nin imzalanmasından ötən 20 ildə çox önəmli uğurlara imza atıb. Ölkəmiz artıq mühüm neft ixracatçısı olmaqla yanaşı, həyata keçirdiyi böyük təbii qaz layihələri ilə də dünyanın diqqət mərkəzinə çevrilib. İki ay əvvəl Bakıda təməli qoyulan Cənub Qaz Dəhlizinin gələcək perspektivləri haqqında ətraflı məlumat verən R.Abdullayev qeyd edib ki, bu dəhliz vasitəsi ilə Avropa davamlı, təmiz və alternativ enerjiyə sahib olacaq. Bu isə aktual olaraq qalan enerji təhlükəsizliyinə verilən töhfədir. Avropadakı təbii qaz tələbatının 2030-cu ildə 610 mlrd. kubmetrə, təbii qaz idxalatının isə illik 400 mlrd. kubmetrə yüksələcəyi təxmin edilir ki, bu da Cənub Qaz Dəhlizinin önəmini artırır.


Cənub Qaz Dəhlizinin tərkib hissəsi kimi Azərbaycan və Türkiyənin ortaq həyata keçirdiyi TANAP layihəsindən danışan SOCAR prezidenti qeyd edib ki, Türkiyənin 2023-cü il hədəflərinə çata bilməsi üçün o vaxta qədər enerji sektoruna təxminən 100-120 mlrd. dollar məbləğində investisiya qoyulmalıdır. TANAP-ın sərmayə dəyəri 10-12 mlrd. dollar təşkil edir. Yəni, TANAP təkbaşına Türkiyənin enerji sektorunda ehtiyac duyulan investisiya tutarının 10%-ni təmin edəcək.

"SOCAR-ın Türkiyədəki investisiyalarına TANAP-ı da əlavə etsək, hədəflədiyimiz 20 mlrd. dollarlıq yatırımla bu ehtiyacın 20%-ni qarşılaya biləcəyimizi düşünürük. Bu isə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə ilə qardaşlıq və strateji əməkdaşlığa verdiyi önəmin və Türkiyəni Azərbaycandan ayrı tutmadığımızın, bir gördüyümüzün ən bariz göstəricisidir", - deyə R.Abdullayev bildirib.

R.Abdullayev Cənub Qaz Dəhlizinin son halqası olan Trans-Adriatik Boru Xətti (TAP) layihəsi haqqında da danışıb. Qeyd olunub ki, Türkiyə-Yunanıstan sərhədindən başlayan, Albaniyadan keçərək İtaliyaya uzanacaq bu kəmər TANAP-la nəql olunacaq Azərbaycan qazını Avropaya daşıyacaq.

Çıxışının sonunda R.Abdullayev SOCAR-ın bölgənin daha yüksək inkişafına, regional və qlobal işbirliyinin artırılmasına, bütün dünyada enerji təhlükəsizliyinin təmin edilməsinə olan dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, sammitdə ABŞ vitse-prezidenti Co Bayden və Türkiyənin baş naziri Əhməd Davudoğlu da iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi