Avropada qazın mart fyuçerslərinin qiyməti min kubmetr üçün 850 ABŞ dollarını ötüb.
Bu barədə “Report” Londonun ICE birjasına istinadən xəbər verir.
Belə ki, ticarət sessiyasına, təxminən, 850 ABŞ dolları ilə başlayan təbii qazın qiyməti bir neçə dəqiqə sonra 864,5 ABŞ dollarınadək qalxıb, bu isə dünənki qiymətlərdən 5% daha yüksəkdir.
Ümumilikdə, Avropada qazın qiymətində yanvar ayının sonlarından etibarən güclü volatillik müşahidə olunur.
Ötən ilin yazında TTF habı indeksi üzrə orta hesabla 250-300 ABŞ dolları səviyyəsində olan qazın qiyməti dekabr ayının 21-də tarixi maksimuma – 2 190 ABŞ dollarına çatıb.
Avropada qazın qiymətinin kəskin surətdə artması müxtəlif amillərdən qaynaqlanır. Ekspertlər bu amillər sırasında Asiyada sıxılmış təbii qaza olan tələbin kəskin sürətdə artması, tədarükçülərin təklifinin məhdud olması və Avropada qaz anbarlarının doluluq səviyyəsinin az olmasını göstərirlər.