Yuxarı

​Avropa bu il Azərbaycan neftinin idxalını 3%-dən çox artırıb

SOCAR: Avropa dövlətlərinin Azərbaycan neftindən imtina etməsi ilə bağlı yayılan xəbərlər əsassızdır

Bakı. 31 avqust. REPORT.AZ/ Beynəlxalq bazarlarda Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus xam neftə tələbatın kəskin azalması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. 

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib: "Bu fikri həm neft bazarında müşahidə olunan cari tendensiyalar, həm də faktiki satış göstəriciləri təkzib edir".

"Beynəlxalq bazarlarda Azərbaycan neftinə hər zaman tələbat yüksək olub və SOCAR-ın satışa çıxardığı xammala həm Qərb, həm də Şərq dövlətləri ciddi maraq göstərir. Məsələn, əgər 2014-cü ilin yanvar-iyul aylarında İsrailə satılan xam neftin həcmi 1,17 mln. ton olubsa, cari ilin ilk yeddi ayında bu göstərici təxminən eyni səviyyədə qalıb və 1,16 mln. ton təşkil edib. Eyni zamanda, Avropaya satılan neftin həcmində 340 min ton və ya 3,4% artım qeydə alınıb ki, bunun nəticəsində satışın həcmi 10,3 mln. tona yüksəlib", - deyə şirkətdən bildirilib.

SOCAR-dan əlavə ediblər ki, yayılan xəbərlərdə guya Azərbaycan neftindən imtina edən İsrail və Avropa ölkələrinin alternativ olaraq Qərbi Afrikadan neft idxal edəcəyi ilə bağlı məqam da şübhə doğurur: "Nəzərə almaq lazımdır ki, Azərbaycanla müqayisədə Avropanın Afrikadan neft alması, xam məhsulun daşınması məsrəfləri baxımından alıcıya baha başa gələcək. Hazırkı dönəmdə isə idxalçılar məsrəflərin, o cümlədən nəqliyyat xərclərinin artmasında maraqlı deyil".

"Bundan başqa unutmayaq ki, Azərbaycandan ixrac olunan xam neftin yalnız 70-75%-i SOCAR tərəfindən satılır, qalan hissəsi digər şirkətlərin payına düşür", - deyə mənbə vurğulayıb.

Eyni zamanda, Dövlət Neft Şirkətinin mütəxəssisləri bildiriblər ki, artıq bir neçə ildir beynəlxalq xam neft bazarında treyder fəaliyyəti ilə məşğul olan SOCAR Azərbaycan nefti ilə yanaşı vasitəçi qismində potensial müştərilərə digər dövlətlərdə, o cümlədən Afrikada hasil olunan nefti də təklif edir: "Treyderlik sahəsində əldə olunan müsbət dinamikalı maliyyə göstəriciləri isə SOCAR-ın bu istiqamətdə də fəaliyyətinin səmərəli və effektli təşkil olunduğunu sübut edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi