Avqustun ortalarında “Şahdəniz”in platformasında işlər dayandırılacaq
- 30 iyul, 2022
- 13:32
Şahdəniz” yatağının hasilat platformasında avqustun ortalarına planlaşdırılan planlı dayanma dövründə Türkiyə ərazisindən keçən boru kəmərində də profilaktik və texniki işlər görüləcək.
“Report” xəbər verir ki, avqustun 14-dən 28-dək “Şahdəniz Alfa” platformasında, Cənubi Qafqaz Qaz Boru Kəmərində (Bakı-Tbilisi-Ərzurum”) profilaktik və texniki işlər görüləcək.
Türkiyənin “Botas” şirkətinin məlumatına görə, bu səbəbdən, 14 gün ərzində Azərbaycan təbii qazının Qafqaz Qaz Boru Kəməri vasitəsilə Türkiyəyə nəqli, “Türkgözü” qəbul məntəqəsində Türkiyənin milli qazpaylaşdırıcı şəbəkəsinə təbii qazın ötürülməsi dayandırılacaq.
Profilaktik dayanma ”Şahdəniz” layihəsinin illik planına və büdcəsinə daxil olduğundan hasilatda heç bir azalma qeydə alınmayacaq.
“Botas”ın məlumatına görə, Türkiyənin qazpaylaşdırıcı şəbəkəsində də tələb və təklif balansı ilə bağlı hər hansı problemlərin baş verməsi gözlənilmir.
Daha əvvəl “Report” BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə istinadən xəbər vermişdi ki, “Şahdəniz” yatağında planlı işlər cari ilin üçüncü rübünə planlaşdırılıb.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağı BP şirkəti tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir və təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir. Bu vaxtadək “Şahdəniz” yatağından ümumilikdə 164 milyard standart kubmetrdən çox qaz və 37 milyon tondan artıq kondensat hasil edilib.
Hazırda yataqdan gündə təxminən 70 milyon kubmetr qaz və 105 min barel kondensat hasil olunur.
“Şahdəniz” yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. “Şahdəniz”in ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə çatdıracaq.
“Şahdəniz 2” çərçivəsində hasil olunan qaz 2018-ci ilin iyun ayından Türkiyəyə ixrac olunur. Türkiyəyə ixrac hazırda sabit ən yüksək səviyyəyə çataraq ildə 6 milyard kubmetr təşkil edir. Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam başa çatması ilə “Şahdəniz” qazı Avropaya nəql olunmağa başlanıb.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).