SOCAR-ın Türkiyədəki NEZ-i dizel yanacağı istehsalını 8 % azaldıb
- 28 oktyabr, 2021
- 11:33
Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu (NEZ) 533 min 289 ton dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 44 min 015 ton və ya 7,6 % azdır.
Ümumilikdə isə avqust ayında Türkiyədə neft emalı zavodları tərədindən 1 milyon 515 min 792 ton dizel yanacağı istehsal edilib ki, bu da 2020-ci ilin avqust ayı ilə müqayisədə 73 min 132 ton və ya 4,6 % azdır.
Qeyd edək ki, STAR neft emalı zavodu 2020-ci ilin avqust ayında 577 min 304 ton dizel yanacağı istehsal edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavod ildə 10 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.