Avqustda Azərbaycan Türkiyəyə qaz nəqlini azaldıb

Energetika
  • 01 noyabr, 2022
  • 08:59
Avqustda Azərbaycan Türkiyəyə qaz nəqlini azaldıb

Bu ilin avqust ayında Azərbaycan Türkiyəyə 538,79 milyon kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 1,53 % azdır.

Bununla da avqsut ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilkdə idxal etdiyi təbii qazın 13,98 %-i Azərbaycanın payına düşüb.

2022-ci ilin yanvar-avqust aylarında isə Türkiyə Azərbaycandan 5 milyard 699,17 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2021-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 4,5 % azdır.

Ümumilikdə isə bu ilin avqust ayında Türkiyə ümumilikdə 3 milyard 852,87 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2021-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 7,62 % azdır.

Avqustda Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 2 milyard 113,07 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2021-ci ilin avqust ayı ilə müqayisədə 1,54 % çoxdur.

İkinci yerdə İran qərarlaşıb. Bu ölkə avqustda Türkiyəyə 904,87 milyon kubmetr qaz nəql edib. Bu, 2021-ci ilin avqust ayı ilə müqayisədə 0,74 % çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.