Yuxarı

Arzu Əzimov: "SOCAR Trading" maye qaz bazarını araşdırır

SOCAR növbəti beş ildə bu sahədə təmiz ticarətə başlaya bilər

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni alıcılara maye qaz (LNG) tədarük edəcək və bu yanacağın ticarəti məqsədi ilə vacib hesab olunan "kritik kütlə"nin əldə edilməsi üçün qlobal həcmin artmasını gözləyir.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, "SOCAR Trading" şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib ki, SOCAR növbəti beş ildə "təmiz ticarətə" başlaya bilər.

A.Əzimov qeyd edib ki, o vaxta qədər SOCAR Afrikadan Cənub-Şərqi Asiya ölkələrinə qədər LNG-dən istifadə olunmaqla elektrik istehsal edilən layihələrə diqqət yönəldəcək.

SOCAR inkişaf etməkdə olan ölkələrin elektrik enerjisinə artan tələbatından mənfəət götürəcəyinə ümid edir. Beynəlxalq Enerji Agentliyi 2040-cı ilə qədər bu tələbatın ikiqat artacağını gözləyir: "Təchizat artanda insanlar aşağı qiymətləri görür, bu resursu daha cəlbedici hesab edir və onu istehlak etmək üçün infrastruktura investisiya yatırır. Onlar üçün əlverişli yol - paketin vahid formada yaradılmasıdır ki, bu da bizim ixtisaslaşdığımız sahədir".

A.Əzimov qeyd edib ki, xam neft və neft məhsullarının ticarətini həyata keçirən SOCAR qazlaşdırma və anbar təsisatı ilə birlikdə elektrik stansiyasının tikintisi layihələrində pay sahibi və LNG təchizatçısı kimi tenderlərdə iştirak edir. 

Qeyd edək ki, şirkət özü LNG istehsal etməsə də, Maltada tamamlanmaqda olan layihədə paya sahibdir və yeganə LNG təchizatçısıdır.

A.Əzimov artıq yanacaqla bağlı müqavilə imzalandığını qeyd edib, lakin onun detallarını açıqlamayıb. Onun sözlərinə görə, LNG likvidliyinə görə hələ xam məhsul və yaxud kömürlə eyni səviyyəyə çatmayıb.

"SOCAR Trading"in icraçı direktoru bildirib ki, istehlakın "kritik kütləsi" və LNG istehlakı ilə bağlı layihələrin ümumi perspektivləri tam qiymətləndiriləndən sonra ticarətə başlanıla bilər: "Əgər ticarət sistemin varsa və riskləri qiymətləndirə, idarə edə bilirsənsə, ticarəti təşkil etmək problem deyil. Əgər bütün infrastruktur yerindədirsə, sadəcə etibarlı şəbəkəsi və təcrübəsi olan treyder tələb olunur. Bu isə 5-6 ayın işidir".

A.Əzimov qeyd edib ki, hazırda "təmiz ticarət" istehsal, istehlak yaxud nəqletmə infrastrukturuna çıxış olmadan mənfəət gətirmir. "Alıcılar və satıcılar hələ əsasən ya istehlakçı, ya da istehsalçıdırlar. Hər yükün göndərilmə və çatdırılma limanları ilə dəqiq bağlantısı var. Burada digər ticarət mallarında olan mobillik və çeviklik yoxdur, buna görə də biz buna hələ ki, ticarət məhsulu kimi baxmırıq".

Beynəlxalq Energetika Agentliyinin hesabatına görə, LNG-nin qlobal ixrac həcmi 2021-ci ilə qədər 188 mlrd. kubmetrə kimi artacaq. Bu həcmin 90%-i isə ABŞ və Avstraliyanın hesabına formalaşacaq.

“Hər növbəti terminal, növbəti gəmi, hər istehsalçı yaxud istehlakçı bu paketə əlavə olunur, likvidliyin artmasına yardım edir. O, hələ də əmtəə olmaq mərhələsindən uzaqdır. Müəyyən cəhdlər olur, amma "kritik kütlə"yə hələ də ehtiyac var", - deyə "SOCAR Trading"in icraçı direktoru əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi