ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb ​​​​​​​Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 308 milyon ABŞ dolları həcmində gəlir əldə edib
Energetika
7 Dekabr , 2023 16:13
ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 308 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə 49 milyon ABŞ dolları və ya 3,6 % azdır.

Bu ilin ilk 11 ayında Neft Fonduna daxil olan vəsaitlərin 324,396 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 11 aylıq dövrü ilə müqayisədə 4,171 milyon ABŞ dolları və ya 1,27 % azdır.

Xatırladaq ki, ötən ilin 11 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 1 milyard 357 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 328,567 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

Son xəbərlər

Orphus sistemi