ARDNF 11 ayda “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb

ARDNF 11 ayda “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 416,174 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Energetika
6 Dekabr , 2024 15:56
ARDNF 11 ayda “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 416,174 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 891,8 milyon ABŞ dolları və ya 3,1 dəfə azdır.

11 ayda Fonda daxil olan vəsaitlərin 115,409 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 208,987 milyon ABŞ dolları və ya 2,8 dəfə azdır.

Ötən ilin yanvar-noyabr aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlir 1 milyard 308 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 324,396 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).

Son xəbərlər

Orphus sistemi