Naxçıvan Muxtar Respublikasındakı “Araz” Su Elektrik Stansiyasının (SES) yenidən qurulması üçün texniki tapşırıqlar hazırlanır.
Bunu “Araz” SES-in direktoru Şəmil Əmirov “Report”un yerli bürosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu stansiyada enerji istehsalı əsasən anbarda suyun miqdarından asılı olaraq dəyişir: “Yaz dövründə daha çox enerji istehsal olunur. Sentyabr ayı da daxil olmaqla stansiyanın enerji istehsalı 51 milyon kVt/saat olub”.
O qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda uzun müddətli istismar edilən SES-lərin yenidən qurulması nəzərdə tutulub: “Artıq “Araz” SES-in yenidən qurulması üçün texniki tapşırıqlar hazırlanır. Gələcəkdə bu stansiya yenidən qurularaq mövcud problemləri aradan qaldırılacaq”.
Ş.Əmirov deyir ki, hazırda muxtar respublikada SES-lərin ümumi generasiya gücü 68,4 meqavat təşkil edir: “İstehsal olunan ümumi elektrik enerjisinin 55 %-i alternaativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bunun da 42 %-i SES-lərin payına düşür”.
Naxçıvan MR Energetika Xidmətinin əməkdaşı Mətin Abbaslı isə "Report"a bildirib ki, gələcəkdə gücü 36 meqavat olan Ordubad SES, gücü 15,6 meqavat olan “Tivi” SES-in tikintisindən sonra Naxçıvanda SES-lər üzrə ümumi potensialımız 120 meqavata çatdırılacaq.
Xatırladaq ki, “Araz” SES Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə istismara verilib və 53 ildir fasiləsiz olaraq fəaliyyət göstərir. Stansiya illik 86 milyon kVt/saatdan artıq enerji istehsalı ilə bu gün muxtar respublikanın enerji təminatında mühüm rola sahibdir. “Araz” SES 1 milyard 254 milyon kubmetr su tutumuna malik “Araz” su anbarı üzərində qurulub. Stansiya SSRİ dövründə Azərbaycan ilə İran arasındakı razılaşma əsasında inşa edilib. SES 11 MVt gücə malik 2 hidroaqreqat turbinlə təmin olunub. Hər biri İran və Azərbaycan ərazisində yerləşməklə 2 binaya malikdir.