"Gələcəkdə neft emalı bazarında ciddi dəyişikliklər olacağını gözləyirik".
“Report” xəbər verir ki, bunu “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov “Anadolu” xəbər agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, neft emalı məhsullarına olan tələbatın 2030-cu ilə qədər azalacağını təxmin edirik: "Bazar daraldıqca oyunçu sayında dəyişikliklər olacaq və rəqabət artacaq. Bəzi oyunçular bazardan çıxmaq məcburiyyətində qalacaqlar”.
A.Məmmədov deyir ki, bunlar daha köhnə, səmərəsiz və modern texnologiyaya sahib olmayan şirkətlər olacaq və Avropadakı neft emalı zavodlarının əsas bir hissəsi bu durumdadır: “Avropada son illərdə yeni bir neft emalı zavodları inşa edilmir. Bütün bu proseslər Türkiyə üçün bir fürsət yaradacaq. Bu səbəbdən STAR neft emalı zavodu və “Petkim”də həyata keçirdiyimiz səmərəlilik və modernləşdirmə səylərinin kritik olduğunu düşünürük. Türkiyə bazarında olmağımız bizim üçün böyük bir fürsətdir".
Digər tərəfdən A. Məmmədov qısa müddətdə neft-kimya və neft emalı sahələrində tələbatın azalmasının real olmadığını bildirib: “Bu səbəbdən nəyi və necə istehsal etdiyimiz daha vacibdir. İqlim dəyişikliyi yaşadığımız ən böyük böhrandır və bərpa olunan enerji mənbələrinin payı da artmaqdadır”.
Ancaq o düşünür ki, neft emalı və neft-kimya sektorları orta və hətta uzun müddətdə davam edəcək: "Bizim də hədəfimiz STAR və “Petkim”də 2035-ci ilə qədər tullantıları hər il 1% azaltmaqdır. Bu iddialı bir hədəfdir, ancaq 2020-ci ildə buna nail olduq və gələcək planımıza çox əminik. Digər tərəfdən, bu il STAR neft emalı zavodu Dünya İqtisadi Forumunun Sənaye 4.0 texnologiyalarından istehsalda ən yaxşı istifadə edən müəssisələri qəbul edən “Global Lighthouse Network” qiymətləndirməsinə daxil olub və dünyada bu mükafatı alan ilk neft emalı zavodu olub”.