Türkiyənin neft-kimya nəhəngi olan “Petkim”in illik ümumi istehsalı 3,6 mln ton məhsul təşkil edir.
“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”in baş direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov bu gün keçirilən onlayn görüşdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu məhsulların 2 milyon tonu satışa çıxarılır: “Petkim”in Türkiyənin neft-kimya xammalı bazarında payı 18 %-dir.
O qeyd edib ki, Türkiyənin yeni nəsil neft emalı zavodu olan STAR zavodunun isə standart xammal neft emalı gücü 10 milyon ton təşkil edir: “Bu, Türkiyənin neft əsaslı məhsullarına olan ehtiyacının təmin edilməsində 20-25 faiz təşkil edir".
A.Məmmədov bildirib ki, bu zavodun emalında illik 10,3 milyon ton xam neft və 0,3 milyon kubmetr təbii qaz istifadə edilir: “STAR Neft Emalı Zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,5 milyon ton) təşkil edir. Bundan başqa, zavod illik 0,3 milyon ton LPG, 1 min ton reformat, 0,7 min ton neft koksu, 0,2 min ton kükürd istehsal edir".
O qeyd edib ki, STAR neft emalı zavodunda 11 mln ton həcmində neftin emalı nəzərdə tutulur: “Gələn il zavodun layihə gücünün üstələyəcəyi və 106 % olacağı gözlənilir. Bu ilin sonuna STAR-da emal olunan neftin həcmi 76 mln barel təşkil edəcək”.