Türkiyə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi layihəsinin ən qısa müddətdə tamamlanmasına ümid edir ki, 2024-cü ilin qışında Naxçıvan Muxtar Respublikasındakı istehlakçılar bu xətt ilə qazla təmin olunsun.
"Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri layihələri həyata keçirildikdən sonra İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu: "Ən qısa zamanda, gələn il bu layihəni başa çatdıracağıq. Naxçıvan sakinləri isə gələn ilin qışında bu kəmərlə Türkiyədən qaz ala biləcəklər”, - deyə A. Bayraktar qeyd edib.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəmərinin təməli sentyabrın 25-də qoyulub. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.