Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”

Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək” İğdır-Naxçıvan qaz kəmərinin ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.
Energetika
14 May , 2024 15:13
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”

İğdır-Naxçıvan qaz kəmərinin ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması”nın imzalanma mərasimində deyib.

Onun sözlərinə görə, bu qış mövsümündə Naxçıvana təbii qaz Türkiyə üzərindən təslim ediləcək.

İğdır-Naxçıvan layihəsinin önəmindən danışan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, bu layihənin həyata keçirilməsi Naxçıvanın enerji təhlükəsizliyi və geniş yanaşsaq, Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi üçün əhəmiyyəti əvəzsizdir.

Xatırladaq ki, 2023-cü ilin sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.

Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi