Energetika naziri Pərviz Şahbazov “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniyanın 20-dən çox enerji şirkətinin və biznes dairələrinin iştirakı ilə “Azərbaycan neft-qaz hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda dəyirmi masada iştirak edib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Almaniyanın Külək Enerjisi Assosiasiyası, Şərqi Biznes Assosiasiyası, İqtisadi İnkişaf və Xarici Ticarət üzrə Federal Assosiasiya, “Siemens Energy, “Uniper”, “Notus Energy”, Enerji Agentliyi-DENA, Almaniya-Azərbaycan Ticarət Palatası, “EDEG ED-Energy”, “DEIG Energietechnik,” “ALPHA GmbH”, “Windcomp GmbH”, “SAP SE ” və digər biznes dairələrinin təmsil olunduğu dəyirmi masada Azərbaycanın enerji tədarükü mənbələrini şaxələndirən siyasəti və enerji keçidi planları çərçivəsində yeni əməkdaşlıq təklifləri müzakirə olunub.
Bu yaxınlarda Prezident İlham Əliyevin Almaniyaya səfəri və aparıcı şirkətlərlə keçirilmiş görüşün enerji də daxil bir çox sahələrdə əməkdaşlığın inkişafına yeni impuls verdiyi qeyd edilib. Görüşdə Azərbaycanın ənənəvi enerji mənbələrinin, xüsusilə təbii qazının tərəfdaş ölkələrin təhlükəsiz enerji təminatındakı strateji rolundan, Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəticəsində Azərbaycanın qaz təchizatı coğrafiyasının daha da şaxələnəcəyindən bəhs edilib.
Hazırda 200 QVt-a yaxın bərpa olunan enerji potensialı əsasında “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı beynəlxalq enerji şirkətləri ilə həyata keçirilən layihələr, xalis sıfır emissiyaya malik “yaşıl enerji” zonası konsepsiyasında qurulan Qarabağ və Şərqi Zəngəzurda, həmçinin “yaşıl enerji” mərkəzinə çevrilməsi planlaşdırılan Naxçıvanda əməkdaşlıq imkanları diqqətə çatdırılıb. “Masdar”, “ACWA Power” və bp ilə 710 MVt gücündə bərpa olunan enerji layihələrinin icra olunması, “ACWA Power”, “Masdar” və “Fortescue” şirkətləri ilə bərpa olunan enerji və “yaşıl hidrogen”lə bağlı 25 QVt-a yaxın istehsal gücləri ilə bağlı əməkdaşlıq sənədlərinin imzalanması Azərbaycanda bu sahənin investorlar üçün cəlbediciliyinin göstəriciləri kimi qeyd edilib.
P.Şahbazov deyib ki, dünyanın ikinci ən böyük külək enerjisi potensialına malik Xəzər dənizindən “yaşıl enerji”nin Azərbaycandan başlayan, Gürcüstan və Qara dənizdən keçərək Rumıniya və Macarıstana ötürülməsini əhatə edən və geniş əməkdaşlıq tələb olunan layihə icra edilir: “Bu, yeni bir enerji resursunun təchizatı və marşrutunun layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir. İlkin mərhələdə 4 QVt-lıq enerjinin ötürülməsi nəzərdə tutulur ki, bununla da Azərbaycan Avropa üçün “yaşıl enerji”nin mühüm təchizatçısına çevriləcək. Bütün bunlar, həmçinin “yaşıl enerji” ilə bağlı Azərbaycanın potensial və planları Almaniyadan olan şirkətlərlə tərəfdaşlıq üçün də imkanlardır.”
Dəyirmi masada enerji şirkətlərinin Azərbaycanda istehsal olunan elektrik enerjisinin ötürülməsi, bərpa olunan enerji və “yaşıl hidrogen”, günəş panellərinin istehsalı, dekarbonizasiya üzrə əməkdaşlığa maraqları ifadə edilib. Görüşdə şirkətləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.