Almaniyalı məktəblilər Azərbaycanda Yay Düşərgəsində iştirak ediblər

Almaniyalı məktəblilər Azərbaycanda Yay Düşərgəsində iştirak ediblər Azərbaycanda Yay Düşərgəsi proqramının iştirakçılarına sertifikatlar təqdim olunub
Energetika
49
1 Avqust , 2017 16:05
Almaniyalı məktəblilər Azərbaycanda Yay Düşərgəsində iştirak ediblər
Socar.az

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “UniPer” şirkəti arasında 2013-cü ildə imzalanmış Əməkdaşlıq Sazişinə əsasən mühəndislər, gənc mütəxəssislər arasında təcrübə mübadilələri aparılır, digər layihə və proqramlar həyata keçirilir, işgüzar görüşlər təşkil olunur. 

Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, bu proqramlardan biri də SOCAR və “UniPer” əməkdaşlarının övladları üçün Almaniya və Azərbaycanda yay düşərgələrinin təşkil edilməsidir. Proqrama əsasən “UniPer” şirkətində çalışan əməkdaşların uşaqları bu il 17-31 iyul tarixləri arasında Azərbaycanda yay düşərgəsi proqramında iştirak ediblər.

Almaniyalı qonaqlar SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətovla görüşüb, onlara Azərbaycanın qədim və müasir tarixi, Azərbaycan-Almaniya əlaqələri haqqında geniş məlumat verilib. Yeniyetmələri maraqlandıran suallar cavablandırılıb, xatirə şəkilləri çəkdirilib. Növbəti günlərdə alman məktəblilər Heydər Əliyev Mərkəzi, Milli Xalça Muzeyi, Tarix Muzeyi, İçərişəhər, Qobustan Dövlət Tarix və Bədii Qoruğu, Bibiheybət Neftqazçıxarma İdarəsi, Neft Ekspozisiya Muzeyi, Atəşgah Məbədi, Qala Qoruğu, “Azər İlmə” xalçaçılıq Mərkəzi ilə tanış olub, Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüblər. Daha sonra Quba şəhərinə yola düşüb, 1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlı və Quba yəhudilərinin basdırıldığı kütləvi məzarlıqda olublar. Alman məktəblilərə Lənkəran-Astara zonasının təbiəti, habelə “Astaraçay” fabriki ilə tanış olmaq imkanı da yaradılıb.

Onlara məlumat verilib ki, 2010-cu ildə inşa edilmiş çay fabrikində gün ərzində 12 ton məhsul istehsal edilir. Lerikdəki uzunömürlülər muzeyi və bölgənin uzunömürlü sakinləri ilə görüş də alman gənclərin marağına səbəb olub. Daha sonra Qəbələ şəhərində Beltmann Pionino Fabrikində, Qəbələnd Əyləncə Mərkəzində olan alman yeniyetmələr Şəkidə qədim Alban kilsəsi və Xan sarayının tarixi ilə tanışlıqdan da məmnunluq bildiriblər.

Azərbaycanda Yay Düşərgəsi proqramının iştirakçılarına sertifikatlar təqdim olunub.