Albaniyada TAP-ın 99%-i yekunlaşıb

Albaniyada TAP-ın 99%-i yekunlaşıb Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik boru kəmərinin (TAP) Albaniya hissəsinin inşası 99% tamamlanıb.
Energetika
31 Avqust , 2018 10:02
Albaniyada TAP-ın 99%-i yekunlaşıb
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik boru kəmərinin (TAP) Albaniya hissəsinin inşası 99% tamamlanıb.

“Report” Albaniya KİV-inə istinadən xəbər verir ki, boru kəmərinin 215 km-lik Albaniya hissəsinin 213 km-i yekunlaşıb.

Məlumata görə, TAP-ın sınaq işlərinin 2019-cu ildə həyata keçirilməsi, 2020-ci ildə isə kəmərin istismara daxil olması gözlənilir.

TAP-ın Albaniya hissəsində ümumi investisiyanın məbləği 1,5 mlrd. avro təşkil edir və bu, Albaniyaya ən böyük birbaşa xarici sərmayədir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi