​Albaniya və Yunanıstanda TAP-ın çəkilişi üçün tenderin qalibi elan edilib

​Albaniya və Yunanıstanda TAP-ın çəkilişi üçün tenderin qalibi elan edilib Bu, İtaliyanın "Bonatti S.p.A." və Yunanıstanın "J&P AVAX S.A." şirkətlərinin ortaq müəssisəsi və Fransanın "Spiecapag" şirkətidir
Energetika
4 Mart , 2016 16:20
​Albaniya və Yunanıstanda TAP-ın çəkilişi üçün tenderin qalibi elan edilib

Bakı. 4 mart. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə Albaniya və Yunanıstanın quru ərazisində (onshore) tikinti işlərinin aparılması ilə bağlı tenderin qalibi müəyyən edilib. Bu barədə "Report"a "TAP AG"dən məlumat verilib.

Məlumata görə, 5 lot üzrə keçirilən tenderin üç lotu Yunanıstan, iki lotu isə Albaniya ərazisini əhatə edir. TAP-ın hər iki ölkənin ərazisində mühəndislik, tədarük və tikinti (EPC) işlərinin görülməsini özündə cəmləşdirən bu tenderdə ümumilikdə 48 düyümlük (1,2 metr) borular 760 km ərazidə çəkilməlidir.

Tenderin iki lot üzrə qalibi İtaliyanın "Bonatti S.p.A." şirkəti ilə Yunanıstanın "J&P AVAX S.A." şirkətinin ortaq müəssisəsidir ki, bu müəssisə Şimali Yunanıstanda fəaliyyətini reallaşdıracaq. Ortaq şirkət ümumilikdə 360 km ərazidə EPC fəaliyyətini həyata keçirəcək ki, bu da Kavala ilə Albaniya sərhədində yerləşən Yeropiqi (Leropigi) arasındakı əraziləri əhatə edir.

Tenderin ikinci qalibi isə Fransanın "Spiecapag" şirkətidir və bu şirkət ümumilikdə 400 km ərazidə EPC ilə məşğul olacaq ki, onun da 185 km-i Yunanıstan, qalan 215 km-i isə Albaniya ərazisinə düşür.

Adıçəkilən şirkət Yunanıstan ərazisində Kipoy və Kavala, Albaniya ərazisində isə Bilişt (Bilisht) və Topoe (Topoje) arasındakı ərazilərdə kəmərin çəkilişini həyata keçirəcək.

Müqavilənin şərtlərinə görə, podratçılar işlərə 2016-cı ilin II rübündə səfərbər olunacaq, TAP-ın layihəsinə görə isə kəmərin çəkilişinə bu ilin ortasında başlanacaq.

Qeyd edək ki, TAP-ın 5 səhmdarı var ki, onlardan SOCAR, BP, "Snam S.p.A"ın hər biri 20%, "Fluxys" 19%, "Enagas" 16% və "Axpo" 5% paya sahibdir.

Son xəbərlər

Orphus sistemi