Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz yatağının işlənməsi layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığa ümid edir.
Bunu "Report"a açıqlamasında ADNOC-un aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi deyib.
Onun sözlərinə görə, şirkət “Masdar"dakı payı ilə” bərpa olunan enerji mənbələrinə və bütün Xəzər regionunda təmiz enerjinin inkişafına investisiya yatırmağa davam edəcək: “Biz Xəzər regionunun gələcəyin enerji sistemlərində mühüm rol oynaması üçün böyük potensial görürük”.
Al Kaabi, həmçinin Bakı Enerji Həftəsinin keçirilməsini yüksək qiymətləndirib: “Bu tədbir ADNOC və onun Azərbaycandakı tərəfdaşları arasında əməkdaşlığı genişləndirməyə kömək edir”.
Xatırladaq ki, "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə ADNOC ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.
"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.