​Akademik Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilib

​Akademik Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilib Akademiyanın xarici üzvünün diplomu, vəsiqəsi və döş nişanı X.Yusifzadəyə təqdim olunub
Energetika
22 Dekabr , 2014 16:04
​Akademik Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) xarici üzvü seçilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Dekabrın 20-də RTEA-nın vitse-prezidenti, texnika elmləri doktoru, Rusiyanın əməkdar ixtiraçısı Əzizağa Şahverdiyev SOCAR-da olub, RTEA xarici üzvünün diplomunu, vəsiqəsini və döş nişanını X.Yusifzadəyə təqdim edib. Ə.Şahverdiyev bildirib ki, dünyanın nüfuzlu elmi mərkəzlərindən sayılan RTEA 1991-ci ildə görkəmli elm xadimləri, Nobel mükafatı laureatları tərəfindən yaradılıb. Hazırda akademiya öz sıralarında dünya şöhrətli 200-dən artıq alimi birləşdirir. Bunlardan bir çoxunun Rusiya Elmlər Akademiyasının və digər akademiyaların həqiqi üzvləri olduğu vurğulanıb. Bildirilib ki, onların arasında ABŞ, Almaniya, İngiltərə, Çexiya, Vyetnam və Gürcüstan alimləri də var. Geoloq, AMEA-nın həqiqi üzvü X.Yusifzadənin elmi yaradıcılığı və praktiki fəaliyyəti başqa ölkələrdə olduğu kimi Rusiyada da yaxşı tanınır və yüksək qiymətləndirilir.

Akademik X.Yusifzadə RTEA-nın xarici üzvü seçildiyinə görə təşəkkürünü bildirib, elmi yaradıcılığının bundan sonra da neft elmi sahəsində yeni nəailiyyətlərə yol açacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, X.Yusifzadə bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki seçilib.

Son xəbərlər

Orphus sistemi