Avropa İttifaqı (Aİ) Azərbaycanın enerji səmərəliliyi, "yaşıl siyasət"in hazırlanması ilə bağlı səylərini gələcəkdə də dəstəkləməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl texnologiya və dayanıqlı inkişaf" mövzusunda "Central Baltic&Azerbaijan Business Forum"da bildirib.
"Bir sıra müxtəlif ikitərəfli layihələr vasitəsilə Aİ Azərbaycan hökumətinin enerji səmərəliliyi ilə bağlı çərçivə proqramlarını, "yaşıl siyasət"in hazırlanması, davamlı su idarəçiliyi və davamlı gələcək üçün vacib olan digər sahələr üzrə səylərini dəstəkləyib və gələcəkdə də dəstəkləməyi planlaşdırır" - o qeyd edib.
Diplomatın sözlərinə görə, Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ərəfəsində Aİ Azərbaycanla yeni tərəfdaşlığa başlayıb: "Bu yaxınlarda biz COP29-a qədər təbii ehtiyatların qorunmasına dair məlumatlılığı artırmaq üçün ictimai kampaniyaya başladıq. Kampaniyanın adı “Planetimiz üçün – təhlükəsiz su, təmiz hava, təmiz torpaq və yaşıl enerji”dir. Bu kampaniya çərçivəsində seminarlar və təqdimatlar, sosial media tədbirləri, müxtəlif tədbirlər və foto müsabiqələr kimi bir çox müxtəlif fəaliyyətlər həyata keçirəcəyik".