Azərbaycan dünyanı təhlükəsiz, etibarlı və sərfəli enerji ilə təmin etmək baxımından qlobal miqyasda mühüm rola malikdir.
"Report" xəbər verir ki, bunu Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi bu gün işə başlamış Bakı Enerji Forumunun I günündə deyib.
O qeyd edib ki, Azərbaycan bu istiqamətdə tarix boyu böyük rol oynayıb: "Biz bu regionun gələcəkdə daha böyük rol oynaması üçün potensial görürük. Həmçinin, enerji mənzərəsinə nəzər saldıqda aydın olur ki, əhali artımı, iqtisadi artım var və bunun üçün daha çox enerji tələb olunur. Bizim kimi şirkətlər üçün ən böyük problem bu günün enerjisini karbonsuzlaşdırmaq və sabahın enerjilərinə investisiya qoymaqdır. Buradakı həmkarlarımdan bəziləri də bərpa olunan enerji, hidrogen, təbii qaz və xüsusən də ənənəvi enerji mənbələrinə daha çox sərmayə qoyulmasını vurğuladı".
İcraçı direktor qeyd edib ki, ADNOC kimi ənənəvi enerji istehsalçıları üçün Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox vacibdir: "Biz tezliklə yaranacaq böyük enerji tələbatını ödəmək barədə də düşünməliyik. Zaman keçdikcə artan enerji tələbatını ödəmək üçün təbii qaz, hidrogen və bərpa olunan enerjinin dekarbonlaşdırılması və qəbul edilməsi tələbləri də artacaq".