ADB Azərbaycanda ixracın sürətli artmasını proqnozlaşdırır

ADB Azərbaycanda ixracın sürətli artmasını proqnozlaşdırır Yüksək qiymətlər hesabına Azərbaycanın neft ixracının artması və TAP-ın inşasının sona gəlməsi nəticəsində Avropaya qaz ixracının artması ilə xalis ixracda bu il və gələn il artım baş verməsi gözlənilir
Energetika
28 Aprel , 2021 12:21
ADB Azərbaycanda ixracın sürətli artmasını proqnozlaşdırır

Yüksək qiymətlər hesabına Azərbaycanın neft ixracının artması və Trans-Adriatik Boru Kəmərinin (TAP) inşasının sona gəlməsi nəticəsində Avropaya qaz ixracının artması ilə xalis ixracda bu il və gələn il artım baş verməsi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının "Financing a green and inclusive recovery" adlı aprel sayında bildirilir.

Sənədə əsasən, daxili tələbatın artması idxalın artmasına təkan verəcək, lakin ixracın daha sürətli artması proqnozlaşdırılır.

"Azərbaycanın növbəti iki ildə xarici mövqeyi karbohidrogen qiymətlərindən asılı olacaq. Neft qiymətləri və neft hasilatının bərpa olunması ilə cari əməliyyatlar hesabının 2021-ci ildə ÜDM-in 3,9 %-ə və 2022-ci ildə 5,5 %-ə bərabər olması ilə profisit yaratması proqnozlaşdırılır. Bütün ixrac maddələrinin, xüsusilə, neft , meyvə və pambığın 2021-ci ildə 29,2 % və 2022-ci ildə 0,7 % artması proqnozlaşdırılır. İqtisadiyyatın bərpası nəticəsində gəlirlərin və istehlakçı xərclərinin artması ilə idxalın 2021-ci ildə 9,2 % və 2022-ci ildə 2,7 % artması proqnozlaşdırılır", - hesabatda deyilir.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi