Asiya İnkişaf Bankının (ADB) araşdırmasına əsasən, Avropa İttifaqının (Aİ) karbon tutumlu məhsulların idxal rüsumlarının iqlim dəyişikliyinə məhdud təsir göstərəcəyi və Asiya və Sakit Okean ölkələrinin iqtisadiyyatlarına mənfi təsirin az olacağı gözlənilir.
“Report” ADB-yə istinadən məlumat verir ki, 2026-cı ildə qüvvəyə minəcək Aİ-nin Karbon Həddinin Tənzimlənməsi Mexanizmi (KHTM) polad, sement və elektrik enerjisi kimi məhsullara, onların istehsalına daxil olan CO2 emissiyalarına əsasən, idxal rüsumları tətbiq edəcək. Rüsumlar çirkləndiricilərin istehsalı sərt qaydalara və ya yüksək karbon qiymətlərinə malik ölkələrdən daha az sərt qaydalara və ya daha aşağı qiymətlərə malik ölkələrə köçürməsi nəticəsində yaranan “karbon sızmasının” qarşısını almağa yönəlib.
Bununla belə, statistik modelləşdirmə göstərir ki, KHTM metrik ton üçün karbon qiyməti 100 avro (108 dollar) olan və karbon tarifi olmayan emissiya ticarəti sxeminə nisbətən qlobal karbon emissiyalarını 0,2 %-dək azaldacaq. Eyni zamanda, bu gün dərc olunan 2024-cü il üzrə Asiya İqtisadi İnteqrasiya Hesabatına (AEIR) görə, sözügedən rüsumlar Aİ-yə qlobal ixracı təxminən 0,4 %, Asiyanın Aİ-yə ixracını isə təxminən 1,1 % azalda, habelə Aİ daxilində bəzi istehsalçıların istehsalına mənfi təsir göstərə bilər.
ADB-in baş iqtisadçısı Albert Park qeyd edir: “KHTM daxil olmaqla əhatə olunan sektorlar və regionlar baxımından karbon qiymətlərinin müəyyənləşdirilməsi təşəbbüslərinin pərakəndə təbiəti karbon sızmasını yalnız qismən məhdudlaşdıra bilər. Qlobal miqyasda karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq, eyni zamanda, iqlim dəyişilməsinə qarşı səylərinin daha təsirli və dayanıqlı olmasını təmin etmək üçün karbon qiymətlərinin müəyyən edilməsi təşəbbüsləri Aİ-dən kənarda, xüsusən də Asiyada tətbiq olunmalıdır.”
Avropaya, xüsusən də Mərkəzi və Qərbi Asiyaya karbon tutumlu ixracat payının daha yüksək olduğu Asiya sub-regionları KHTM və Aİ-nin emissiya ticarəti sistemindən daha çox mənfi təsirə məruz qalacaqlar. Hesabata əsasən, xüsusilə Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatlarına gözlənilən təsirləri nəzərə alaraq, karbon qiymətlərinin geniş şəkildə qəbul edilməsini təşviq etmək üçün müvafiq mexanizmlər lazımdır.
Hesabatda həmçinin beynəlxalq ticarət və qlobal dəyər zəncirlərinin karbonsuzlaşdırılması üçün tədbirlər paketi tövsiyə edilir. Digər mənbələrə nisbətdə sözügedən mənbələrdən karbon emissiyaları daha sürətlə artır və Asiya ölkələrində bu artım daha yüksək templə davam edir. Tövsiyələr arasında iqlimə uyğun məhsul və xidmətlərin ticarətini təşviq edən məqsədyönlü siyasətlərin həyata keçirilməsi, ekoloji qaydalar və standartların dəstəklənməsi, yaşıl texnologiyaların transferinin asanlaşdırılması, yaşıl infrastrukturun və investisiyaların təşviqində hökumətlərə və beynəlxalq institutlara dəstək kimi tədbirlər nəzərdə tutulub. Əlavə olaraq, hesabat məhsul və xidmətlərə daxil edilmiş emissiyaları effektiv şəkildə izləyə bilən, hamı tərəfindən qəbul edilmiş mühasibat uçotu çərçivələrini inkişaf etdirmək üçün qlobal əməkdaşlığa çağırır.
AEIR 2024-ün digər əsas nəticələri arasında, həm də qlobal səviyyədə pərakəndə yanaşma riski ilə bağlı narahatlıqlara baxmayaraq, Asiyada qlobal dəyər zəncirlərinin COVID-19 pandemiyasından sonra kifayət qədər bərpa olunduğu qeyd edilir. Asiyada qlobal dəyər zəncirlərinin regionallaşdırılması inkişaf etsə də, hesabatda “yenidən bərpa”nın Asiyada və ya qlobal miqyasda “istiqamətin dəyişilməsi” meyllərinin geniş vüsət almasına dair heç bir aydın əlamət əks olunmur.
Qeyd edək ki, ADB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda, ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. ADB 1966-cı ildə yaradılıb. 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.