Gücü 240 MVt təşkil edəcək “Xızı-Abşeron” külək elektrik stansiyası (KES) gələn il istismara veriləcək.
"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin sədr müavini RaaD al Saadi ilə keçirdiyi görüşdə bildirilib.
Qeyd edək ki, stansiyada ildə 1 milyard kVt/saat elektrik enerjisinin istehsal edilməsi planlaşdırılır ki, bu da 220 milyon kubmetr təbii qaza qənaətə və 400 min tondan artıq CO2 emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan yaradacaq.
Görüşdə “Xızı-Abşeron” KES-in inşası ilə yanaşı 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 MVt-lıq quruda külək enerjisi layihələrinin ixrac imkanları çərçivəsində icrasına dair müzakirələr aparılıb. Görüşdə BESS layihəsi üzrə proseslərin sürətləndirilməsi razılaşdırılıb. Həmçinin Naxçıvanın “Yaşıl Enerji Zonası”na çevrilməsi və “yaşıl enerji”nin ixrac infrastrukturunun qurulması planlarına uyğun olaraq “ACWA Power” şirkəti ilə bərpa olunan enerji güclərinin yaradılması üzrə əməkdaşlığın perspektivlərinə də toxunulub.
P. Şahbazov Bakı Enerji Forumu çərçivəsində həmçinin “SAİPEM”, “TotalEnergies” şirkətləri ilə əməkdaşlıq görüşləri keçirib.
“TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşdə “Abşeron” layihəsinin növbəti mərhələsi “Faza-1” üzrə proseslərin inkişafına və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair məsələlər nəzərdən keçirilib. Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında 250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Bu layihələrin həyata keçirilməsi ixrac məqsədləri və “yaşıl enerji dəhliz”lərinin yaradılması müstəvisində qiymətləndirilib. Həmçinin söhbət zamanı dronlar vasitəsilə metan qazının aşkarlanması və ölçülməsi üzrə əməkdaşlığa da toxunulub.
Azərbaycanda neft-qaz yataqlarında dəniz obyektlərinin işlənilməsində uzunmüddətli tərəfdaş olan “SAİPEM” şirkətinin baş icraçı direktoru Alessandro Puliti ilə görüşdə əməkdaşlıq imkanları dəyərləndirilib. Şirkətin bərpa olunan enerji mənbələrinə, dənizdə külək enerjisinə marağına müvafiq olaraq “Yaşıl Enerji Dəhlizi” üçün infrastrukturun qurulmasında iştirak perspektivlərinə toxunulub.