AÇG və “Şahdəniz” layihələrinin iştirakçıları Azərbaycanın neft-qaz sektoruna 62 mlrd. dollar sərmayə yatırıb

AÇG və “Şahdəniz” layihələrinin iştirakçıları Azərbaycanın neft-qaz sektoruna 62 mlrd. dollar sərmayə yatırıb Bunun 40,6 mlrd. dollarını AÇG-nin, 21 mlrd. dollarını isə "Şahdəniz"in iştirakçıları qoyub
Energetika
21 Sentyabr , 2016 11:55
AÇG və “Şahdəniz” layihələrinin iştirakçıları Azərbaycanın neft-qaz sektoruna 62 mlrd. dollar sərmayə yatırıb

Bakı.21 sentyabr. REPORT.AZ/ 2016-cı ilin 1-ci rübünün yekununa Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə layihənin iştirakçıları Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 61,6 mlrd.dollar sərmayə yatırıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev “Xalq” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, AÇG layihəsinin iştirakçılarının  Azərbaycanın neft-qaz sektoruna yatırdıqları ümumi sərmayə, təxminən, 40,6 mlrd. ABŞ dolları təşkil edib. “Şahdəniz” layihəsinin iştirakçılarının qoyduqları sərmayələrin ümumi həcmi 2016-cı ilin birinci rübünün sonuna, təxminən, 21 mlrd. dollar təşkil olub.

O xatırladıb ki, SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 23 şirkətlə imzalanmış 17 Hasilatın Pay Bölgüsü sazişlərinin (PSA) iştirakçısıdır: “Bu sazişlərin podratçıları 1995-2016-cı illərdə (bu ilin birinci rübünün sonuna) Azərbaycanın neft-qaz sektoruna, ümumilikdə, təxminən, 68,2 mlrd. ABŞ dolları məbləğində sərmayə qoyub".

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında  saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. Layihədə BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi