AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Energetika
  • 11 iyul, 2024
  • 09:00
AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 6,5 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-iyun ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə eynidir.

Bu ilin ilk 6 ayında “Şahdəniz” yatağında isə 14 milyard kubmetr qaz hasil edilib ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,9 milyard kubmetr və ya 6,9 % çoxdur.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 10,7 milyard kubmetri ixraca nəql edilib ki, bu da 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 0,6 milyard kubmetr və ya 5,9 % çoxdur.

Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin iyulun 1-dək 445,9 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 222,9 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə təqribən 223 milyard kubmetr qaz hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 158,8 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.

"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti