AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb
- 10 sentyabr, 2024
- 10:34
Bu ilin yanvar-avqust aylarında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 8,7 milyard kubmetr təbii qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 milyon kubmetr və ya 1,2 % çoxdur.
Bu ilin ilk 8 ayında “Şahdəniz” yatağında 18,2 milyard kubmetr qaz hasil edilib ki, bu da 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 0,7 milyard kubmetr və ya 4 % çoxdur.
Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 13,9 milyard kubmetri ixraca nəql edilib ki, bu da bir il öncəki göstəricidən 0,4 milyard kubmetr və ya 3 % çoxdur.
Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il sentyabrın 1-dək 452,2 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 225 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 227,2 milyard kubmetr qaz hasil olunub. Bu yataqlardan indiyə kimi 162 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.
"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.