AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Energetika
  • 14 oktyabr, 2024
  • 09:57
AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 9,8 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 9 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 0,2 milyon kubmetr və ya 2,1 % çoxdur.

Hesabat dövründə “Şahdəniz” yatağında qaz hasilatı 0,8 milyard kubmetr və ya 4,06 % artaraq 20,5 milyard kubmetrə çatıb.

“Şahdəniz” yatağından hasil edilən qazın 15,8 milyard kubmetri ixraca nəql edilib ki, bu da 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə 0,8 milyard kubmetr və ya 5,3 % çoxdur.

Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin oktyabrın 1-dək 455,6 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 226,1 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 229,5 milyard kubmetr qaz hasil olunub. Bu yataqlardan indiyə kimi hasil edilən qazın 163,9 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.

"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti