AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neft və kondensatın həcmi açıqlanıb
- 10 sentyabr, 2024
- 11:12
Bu ilin yanvar-avqust aylarında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından 13,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 1,4 milyon ton və ya 9,2 % azdır.
Bu il “Azəri-Çıraq-Günəşli”dən 11,1 milyon ton neft çıxarılıb ki, bu da illik müqayisədə 3,1 milyon ton və ya 38,8 % çoxdur.
“Şahdəniz” yatağında isə 2,7 milyon ton kondensat çıxarılıb. Bu, 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 0,5 milyon ton və ya 15,6 % azdır.
Bu ilin 8 ayında “Şahdəniz” yatağından hasil edilən neftin 13,9 milyon tonu ixraca nəql edilib ki, bu da bir il öncəki göstəricidən 1,3 milyon ton və ya 8,6 % azdır.
Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin sentyabrın 1-dək 643 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 595,8 milyon ton neft, “Şahdəniz”dən isə 47,2 milyon tona yaxın kondensat çıxarılıb. Bu yataqlardan indiyə kimi 641,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.