AÇG və “Şahdəniz”dən 579 milyon tona yaxın neft hasil edilib
- 30 dekabr, 2021
- 11:39
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən dekabrın 1-dək təqribən 578,6 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-noyabr ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, AÇG-dən 544,6 milyon ton xam neft, “Şahdəniz”dən isə təqribən 34 milyon ton kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 dekabr tarixinədək təqribən 578,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,9 %), AzSD (10 %), SOCAR (14,35 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (19,99 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.