AÇG üzrə əməliyyat xərcləri azalıb

AÇG üzrə əməliyyat xərcləri azalıb COVİD-19-a baxmayaraq yeni platformanın dayaq bloku payalarının III rübdə dənizdə quraşdırılması planı qüvvədədir   
Energetika
216
13 Avqust , 2020 14:23
AÇG üzrə əməliyyat xərcləri azalıb

Bu ilin I yarımilində Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə, təxminən, 268 mln ABŞ dollar əməliyyat məsrəfləri və 947 mln dollardan çox əsaslı məsrəflər xərclənib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə I yarımil üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin I yarısında AÇG üzrə əməliyyat xərclərinin məbləği ötən ilin müvafiq dövründən 1,5% azalıb, əsaslı xərclərin məbləği isə 44% artıb.

Bildirilib ki, ikinci rüb ərzində” Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində, dayaq blokunun inşası isə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sosial məsafə saxlama tədbirləri ilə və sahədə işçi sayını azaltmaqla davam edib. İlk iri qaldırma əməliyyatı kimi qazma dəstək modulunun aşağı göyərtəsi qaldırılıb və ilkin iri  avadanlıq rüb ərzində Bakıya gətirilib. Növbəti üst modul qaldırma əməliyyatı iyul ayında başa çatdırılıb.

Yaşayış blokunun inşası İsveçdə davam edib, həmçinin sualtı qurğuların inşası Dərin Özüllər Zavodunun tikinti sahəsində, sualtı boruların örtüklənməsi işləri isə Xəzər Boru Örtüklənməsi (Caspian Pipe Coating (CPC)) müəssisəsində davam edib.

Qeyd edilib ki, COVİD-19 pandemiyasının ölkədə və dünyada yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olmağa davam edir. Buna baxmayaraq layihə komandası layihə çərçivəsində ən yaxşı nəticələr əldə etmək üçün bütün tərəflərlə yaxından işləməyə davam edir və bu ilin üçüncü rübündə dayaq bloku payalarının dənizdə quraşdırılması planı qüvvədədir.  

Orphus sistemi