AÇG əməliyyat və əsaslı xərclərini azaldıb

Energetika
  • 04 noyabr, 2021
  • 08:50
AÇG əməliyyat və əsaslı xərclərini azaldıb

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlarının işlənməsi üzrə fəaliyyətlərə təxminən 398 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 1,243 milyard ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin 9 ayında AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 1 milyon ABŞ dolları və ya 0,25 %, əsaslı xərclər isə 155 miyon ABŞ dolları və ya 11,1 % azdır.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti