AÇG-dən indiyə qədər 256 mln. ton mənfəət nefti satılıb

AÇG-dən indiyə qədər 256 mln. ton mənfəət nefti satılıb Bu layihə üzrə realizə olunmuş neftin 56,6%-ini təşkil edir
Energetika
23 Aprel , 2018 11:03
AÇG-dən indiyə qədər 256 mln. ton mənfəət nefti satılıb
SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə / Report/ Firi Salim

Bakı. 23 aprel. REPORT.AZ/ Bu il aprelin 1-nə qədər dünya bazarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqlarından, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") çıxarılan və Azərbaycanın payına düşən 256 mln. ton mənfəət nefti satılıb.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxışı zamanı şirkətin I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

"Bu isə dünya bazarlarında realizə olunmuş AÇG neftinin 56,6%-ini təşkil edir. Azərbaycan artıq 19 ildir AÇG-dən mənfəət nefti əldə edir",- o deyib.

X.Yusifzadənin sözlərinə görə, işlənmənin əvvəlindən (1997-ci il) bu il aprelin 1-dək AÇG-dən 453 mln. ton neft və 144 mlrd. kubmetr qaz hasil edilib.

O, həmçinin bildirib ki, indiyədək AÇG layihəsinə 43 mlrd. dollar sərmayə qoyulub: "Bundan sonra bu qədər sərmayə qoyulması gözlənilir".

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi