Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara başlanılıb.
Yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, "A22z" adlanan bu quyu “Çıraq” platformasından qazılacaq və mövcud "A22" injektor quyusundan yan lülə vasitəsilə AÇG strukturunun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq.
Quyunun ümumi dərinliyinin 4 500 metrədək olacağı planlaşdırılır.
"Əgər uğurlu olarsa, quyudan əldə olunacaq məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək.
Quyunun qazılması təqribən üç ay çəkəcək. Bundan sonra quyuda geniş karotaj proqramı və təzyiq məlumatlarını qeydə almaq üçün ölçmə cihazlarının quraşdırılması da nəzərdə tutulub", - məlumatda deyilir.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.