AÇG-də hasilat 7% azalıb

AÇG-də hasilat 7% azalıb I yarımildə blokdan 12 mln tondan artıq neft hasil edilib
Energetika
13 Avqust , 2020 13:38
AÇG-də hasilat 7% azalıb

Bu ilin I yarımilində Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan təxminən 91 mln barel, yəni 12 mln tondan artıq neft hasil edilib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə I yarımil üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bu ilin I yarısında AÇG üzrə hasilat ötən ilin müvafiq dövründən 7% az olub.
Hesabat dövründə “Çıraq” platformasından gündəlik 38 min barel, “Mərkəzi Azəri” platformasından 123 min barel, “Qərbi Azəri” platformasından 122 min barel, “Şərqi Azəri” platformasından 66 min barel, “Dərinsulu Günəşli” platformasından 96 min barel,  “Qərbi Çıraq” platformasından 53 min barel olmaqal gündə orta hesabla 498 min barel hasilat olub.

Bildirilib ki, ikinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. 2020-ci ilin birinci yarısında AÇG-də 8 neft hasilat quyusu qazılıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 faiz), SOCAR (25,0 faiz), “MOL Group” (9,57% 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz) pay sahibidir.

AÇG-də ötən il gündəlik hasilatın həcmi 535 min barel təşkil edib.
 

Son xəbərlər

Orphus sistemi