"​AÇG" blokundan neft hasilatı 3 mlrd. barelə çatıb

"​AÇG" blokundan neft hasilatı 3 mlrd. barelə çatıb Bu, 1997-ci ildə "Çıraq" platformasında hasılata başlanandan bəri əldə olunan göstəricidir
Energetika
16 Avqust , 2016 12:43
​AÇG blokundan neft hasilatı 3 mlrd. barelə çatıb

Bakı. 16 avqust. REPORT.AZ/ Avqustun 15-də "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokundan 1997-ci ildə "Çıraq" platformasında hasilata başlandığı müddətdən bu vaxtadək əldə olunmuş hasilat həcmi 3 mlrd. barelə çatıb.

"Report" bu barədə yataqlar blokunun operatoru olan "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir.

BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qordon Birrell bununla bağlı bildirib ki, bu, həm BP, həm də Azərbaycan üçün əlamətdar hadisədir və bu, cəlb edilmiş bütün insanların və heyətlərin əməyi sayəsində gerçəkləşib.

"AÇG" yatağı altı hasilat platformasından - "Çıraq-1", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.

"AÇG" yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilib: İlkin Neft Layihəsi çərçivəsində 1997-ci ildə "Çıraq" platformasında hasilat işlərinə başlanıb. Bunun ardınca "Faza 1" üzrə "Azəri" layihəsi həyata keçirilməyə başlanıb və bu faza ərzində 2005-ci ilin əvvəllərində "Mərkəzi Azəri" platformasında hasilata başlanılıb. "Faza 2" isə "Qərbi Azəri" və "Şərqi Azəri" platformalarını əhatə edib və həmin platformalardan müvafiq qaydada 2005-ci ilin dekabrında və 2006-cı ilin sonunda hasilata başlanılıb. AÇG yatağının işlənməsinin növbəti mərhələsi "Faza 3" üzrə "Dərinsulu Günəşli" layihəsi olub və burada 2008-ci ilin aprelində hasilata başlanıb.

Bu günədək sonuncu mərhələ 2010-cu ildə sanksiyalaşdırılmış Çıraq Neft Layihəsidir. Bu mərhələ çərçivəsində "Çıraq" və "Dərinsulu Günəşli" platformaları arasında "Qərbi Çıraq" platforması quraşdırılıb. Bu platformada ilk neft 28 yanvar 2014-cü il tarixində hasil olunub.

Qeyd edək ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

"AÇG"-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi